"Samsung Galaxy Fit4" fitnes qolbağının ilk görüntüləri yayılıb

Sızan renderlərə görə, yeni qolbaq dizayn baxımından sələfi "Galaxy Fit3"dən demək olar ki, fərqlənməyəcək.

GSMArena

GSMArena xəbər verir ki, "Samsung" şirkətinin hələ rəsmi təqdim olunmamış "Galaxy Fit4" fitnes qolbağının renderləri internetə sızıb. Görüntülər cihazın dizaynı və rəng seçimləri barədə ilk təsəvvürü yaradır.

Yayılan renderlər və videolara əsasən, "Galaxy Fit4" sələfi "Galaxy Fit3"ə demək olar ki, eyni görünəcək. Qolbaq yuvarlaq künclü düzbucaqlı ekranını qoruyub saxlayacaq, arxa paneldə isə tanış sensor düzülüşü yer alacaq. Hər iki model yan-yana qoyulduqda onları bir-birindən ayırmaq çətin olacaq.

GSMArena

Renderlərə görə, "Samsung" yeni qolbağı qara, açıq mavi və ağ rənglərdə təklif edə bilər.

Dizaynda ciddi dəyişiklik gözlənilməsə də, "Galaxy Fit4"ün təkmilləşdirilmiş aparat hissəsi və yeni proqram funksiyaları ilə gələcəyi ehtimal olunur. Cihazın qiymətinin 100 dollardan aşağı olacağı gözlənilir.

Qeyd edək ki, "Samsung" "Galaxy Fit3" qolbağını 2024-cü ilin fevralında təqdim edib və onun başlanğıc qiyməti təxminən 60 dollar olub.

Mənbə: GSMArena