Samsung bu rübdə "Galaxy A" smartfonlarının istehsalını 20% azaldır

Yaddaş çiplərinin bahalaşması büdcə smartfonlarının mənfəətini azaldıb, şirkət resursları flaqman modellərə yönəldir.

GSMArena

GSMArena Koreya mətbuatına istinadən xəbər verir ki, "Samsung" ilin dördüncü rübündə (oktyabr-dekabr) "Galaxy A" seriyası smartfonlarının istehsalını ilkin planla müqayisədə təxminən 20% azaldır. Bildirilir ki, şirkətin mobil bölməsi tarixində ilk dəfə illik zərərlə üzləşə bilər.

Məlumata görə, "Samsung" azaldılmış həcmlər barədə təchizat zəncirinə artıq məlumat verib. Sənaye mənbələrinə əsasən, bu, il ərzində təxminən 10 milyon az cihaz deməkdir, gələn il isə istehsalın ən azı 10% daha azaldılması planlaşdırılır.

GSMArena

Azalmanın əsas səbəbi yaddaş qiymətlərinin kəskin artmasıdır: bəzi büdcə smartfonlarında yaddaş artıq maya dəyərinin yarısından çoxunu təşkil edir. Bundan əlavə, çap lövhələri və MLCC kondensatorları üçün materiallar daha gəlirli süni intellekt çiplərinə yönəldilir. Şirkət hissələri daha mənfəətli "Galaxy S" və "Galaxy Z" flaqmanlarına ayırır.

Sənaye nümayəndəsi xəbərdarlıq edib ki, istehsalın azalması qiymətlərin artmasına səbəb ola bilər, yeni modellər isə daha zəif ekran və ya kamera ilə, lakin sələflərindən baha satışa çıxa bilər.

Qeyd edək ki, "Galaxy A" seriyası "Samsung" smartfon göndərişlərinin 70%-ni təşkil edir. Şirkət ildə 230-240 milyon smartfon göndərir və liderlik uğrunda "Apple" ilə rəqabət aparır. "Counterpoint" avqustda "Samsung"un bu il "Apple"ı cəmi 0,1 faiz bəndi fərqlə qabaqlayacağını proqnozlaşdırmışdı.

Mənbə: GSMArena