Samsung 2027-ci ildə altı qatlanan smartfon təqdim edə bilər: siyahıda "Galaxy Z Slide" da var
Sızan məlumata görə, cənubkoreyalı şirkət sürüşən ekranlı yeni model və "Galaxy Z Fold 9"un daha bir versiyası üzərində işləyir.
9to5Google xəbər verir ki, "Samsung" 2027-ci il üçün indiyədək ən geniş qatlanan smartfon seriyasını hazırlayır. "X" sosial şəbəkəsində @TheGalox_ adlı istifadəçinin yaydığı məlumata əsasən, siyahıda altı model yer alır.
Sızmaya görə, seriyaya "Galaxy Z Slide", "Galaxy Z TriFold 2", "Galaxy Z Fold 9 Ultra", "Galaxy Z Fold 9 Pro", "Galaxy Z Fold 9" və "Galaxy Z Flip 9" daxil olacaq. Bildirilir ki, bütün modellərdə batareya, qalınlıq və çəki baxımından təkmilləşdirmələr olacaq, seriyanı isə "Galaxy Z TriFold 2" açacaq.
Sürüşən ekranlı "Galaxy Z Slide" barədə məlumat azdır. "Samsung" daha əvvəl MWC və CES sərgilərində şaquli istiqamətdə uzanan konsept nümayiş etdirib, lakin konseptlə hazır məhsul arasında fərq böyük ola bilər. "Galaxy Z Fold 9 Pro"nun isə hansı formada olacağı, yəni adi "Fold 8"ə, yoxsa daha hündür "Fold 8 Ultra"ya bənzəyəcəyi hələlik məlum deyil.
Nəşrin fikrincə, "Galaxy Z TriFold 2" orijinal modelə nisbətən daha yüngül və istehsalı daha asan cihaz ola bilər. Ehtimal olunur ki, o, "Galaxy S27" seriyasından az sonra təqdim olunacaq. Bununla belə, məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, üç hissəyə qatlanan ilk "Galaxy Z TriFold" 2025-ci ilin sonunda satışa çıxıb, lakin geniş auditoriyaya çətinliklə çatıb. Bildirilir ki, cihazın istehsalı şirkət üçün çətinlik yaradıb.
Mənbə: 9to5Google