Qlobal smartfon tədarükü üçüncü rübdə 20 faiz azalıb: 2013-cü ildən bəri ən aşağı göstərici
"Omdia"nın hesabatına görə, istehsalçılar rüb ərzində 254,7 milyon smartfon tədarük edib, liderliyi isə "Samsung" qoruyub.
GSMArena xəbər verir ki, "Omdia" analitik şirkətinin yeni hesabatına əsasən, 2026-cı ilin üçüncü rübündə qlobal smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Rüb ərzində istehsalçılar ümumilikdə 254,7 milyon smartfon tədarük edib.
Hesabatda bunun 2013-cü ildən bəri üçüncü rüb üzrə ən aşağı tədarük həcmi olduğu bildirilib. Analitiklər azalmanı smartfon qiymətlərinin artması ilə izah ediblər.
"Samsung" 57,8 milyon smartfonla dünyanın ən böyük istehsalçısı mövqeyini qoruyub, lakin onun göstəricisi illik müqayisədə 5 faiz azalıb. İkinci yerdə 56,5 milyon "iPhone" tədarük edən "Apple" qərarlaşıb və şirkətin nəticəsi ötən ilin eyni rübü ilə eyni səviyyədə qalıb. Üçüncü yeri 30,7 milyon smartfonla "Xiaomi" tutub, onun tədarükü 29 faiz azalıb.
Dördüncü yerdə 23,4 milyon smartfonla "Oppo" qərarlaşıb və şirkətin göstəricisi 39 faiz geriləyib. İlk beşliyi 19,3 milyon smartfonla "vivo" tamamlayıb, onun tədarükü isə 2025-ci ilin üçüncü rübü ilə müqayisədə 33 faiz azalıb.
Qeyd edək ki, hesabata görə, komponent çatışmazlığı fonunda brendlər gəlirli bazarlara və əsas məhsullara fokuslanır, RAM və yaddaş konfiqurasiyalarını dəyişir, model sıralarını ixtisar edir. "Omdia" bu il qlobal smartfon tədarükünün daha 12 faiz azalacağını, 2027-ci ildə isə bazarın daha yavaş tempdə enməyə davam edəcəyini gözləyir.
Mənbə: GSMArena