"Oppo Find X10 Ultra" smartfonunun kamera xüsusiyyətləri sızıb

Yeni flaqmanın arxasında iki 200 MP-lik kamera, öndə isə 100 MP-lik selfi kamerası olacağı iddia edilir.

GSMArena

GSMArena xəbər verir ki, "Oppo" şirkətinin gələcək kamera flaqmanı "Find X10 Ultra"nın tam kamera dəsti haqqında məlumat yayılıb. Məlumatı tanınmış insayder "Digital Chat Station" paylaşıb.

İddiaya görə, smartfon 1/1.12 düymlük sensora və LOFIC texnologiyasına malik 200 MP-lik əsas kamera, 1/1.3 düymlük sensorlu 200 MP-lik periskop telefoto və 10x optik yaxınlaşdırmalı 50 MP-lik periskop kamera ilə təchiz olunacaq. Ön tərəfdə isə 1:1 kvadrat sensorlu 100 MP-lik selfi kamerası yer alacaq. Əsas sensorun "Samsung" istehsalı "ISOCELL HPx" ailəsindən olduğu ehtimal edilir.

GSMArena

Bildirilir ki, 10x periskop kamera üçün sensor hələ dəqiqləşməyib. Şirkət 1/1.95 düymlük sensordan istifadə etmək istəyir, lakin onun kütləvi istehsalı gecikərsə, daha kiçik 1/2.76 düymlük sensora üstünlük verilə bilər. 200 MP-lik periskop kameranın sensoru da hələ seçilməyib.

Qeyd edək ki, aprel ayında təqdim olunan "Find X9 Ultra" artıq 200 MP-lik əsas və 200 MP-lik periskop kameraya malikdir, selfi kamerası isə 50 MP-likdir. Beləliklə, əsas yenilik ön kamerada olacaq. "Find X10 Ultra"nın gələn ilin birinci yarısında təqdim edilməsi gözlənilir.

Mənbə: GSMArena