"Oppo Find N7" qatlanan smartfonu Avropa bazarına çıxarılacaq
Şirkət nümayəndəsi "Find N6" modelinin Avropada satılmadığını, yeni nəslin isə bu regiona gələcəyini təsdiqləyib.
GSMArena xəbər verir ki, "Oppo" növbəti qatlanan smartfonu "Find N7"-ni Avropada satışa çıxarmağı planlaşdırır. Bunu şirkətin regional məhsul menecerlərindən biri yerli "Nixanbal" nəşrinə müsahibəsində açıqlayıb.
Ən yaxşı qatlanan smartfonlardan sayılan "Find N6" beynəlxalq bazara çıxsa da, rəsmi olaraq Avropada satılmayıb. Mənbəyə görə, yeni modellə "Oppo" geniş formatlı qatlanan smartfonlar seqmentində "Apple" və "Samsung" ilə birbaşa rəqabət aparmağa hazırlaşır.
Şayiələrə əsasən, "Find N7" geniş ekran nisbəti, 6500 mAh tutumlu batareya və üç kameralı modul alacaq. Batareya sələfindəkindən 500 mAh böyük olacaq. Kamera sistemi 200 meqapiksellik əsas, 50 meqapiksellik ultragenişbucaqlı və 50 meqapiksellik periskop telefoto sensordan ibarət ola bilər.
Avropaya çıxış şirkətin premium seqmentdə daha geniş strategiyasının bir hissəsi kimi qiymətləndirilir. "Oppo" artıq "Find X9 Ultra" flaqmanını bu bazara gətirib, "Find X10 Ultra"-nın da Avropada satılacağı gözlənilir.
Qeyd edək ki, "Find N6" bu ilin mart ayında təqdim olunub. Buna görə də "Find N7"-nin gələn il təxminən eyni vaxtda təqdim ediləcəyi ehtimal edilir.
Mənbə: GSMArena