"OnePlus" "Android 17" yeniləməsini paylamağa başlayıb: "OxygenOS" tarixə qovuşur

İlk dalğada "OnePlus 15" və "OnePlus Pad 4" cihazları "ColorOS 17" interfeysinə keçir, yeniləmə Hindistandan başlayıb.

9to5Google

9to5Google xəbər verir ki, "OnePlus" "OnePlus 15" smartfonu və "OnePlus Pad 4" planşeti üçün "Android 17" əsaslı stabil yeniləməni yaymağa başlayıb. Bu cihazlar "OxygenOS"-dan "ColorOS"-a keçən ilk modellər olub.

"ColorOS 17" yeniləməsi bir müddət beta mərhələsində sınaqdan keçirilib, stabil versiyanın yayılması isə Hindistandan başlayıb. Əvvəlcə ilk yeniləmələrin 29 oktyabrda gəlməsi planlaşdırılsa da, şirkət prosesə vaxtından əvvəl start verib. Yeniləmənin yaxın günlərdə digər regionlara da çatacağı ehtimal edilir.

Şirkət yeni interfeysi "Flow with AI, Flow Everywhere" ideyası ətrafında təqdim edib. "OnePlus"-ın açıqlamasına görə, "ColorOS 17" süni intellekt imkanları, daha axıcı interaksiyalar və cihazlar arasında rahat keçid təklif edir.

Növbəti yeniləmə dalğası 30 oktyabrda başlayacaq və "OnePlus 13"-ü əhatə edəcək. Yeniləmə alacağı təsdiqlənən cihazlar sırasında əvvəlki nəslin flaqmanları və bir sıra "Nord" modelləri də var.

Qeyd edək ki, "OxygenOS" illər ərzində "OnePlus"-ın "Android" üzərində qurulan interfeysi olub və sonradan "Oppo"-nun "ColorOS"-unun qlobal versiyasına çevrilib. Şirkət qlobal fəaliyyətinin böyük hissəsini dayandırdıqdan sonra "OxygenOS"-un ləğv ediləcəyi və mövcud cihazların "ColorOS"-a keçəcəyi elan olunmuşdu.

Mənbə: 9to5Google