"Motorola Signature 27" və "Razr Flex" Avropa mağazasında qiymətləri ilə görünüb

Portuqaliyanın "MegaPC" pərakəndə satış şəbəkəsi hələ rəsmi təqdim olunmamış iki "Motorola" smartfonunu saytında yerləşdirib.

GSMArena

"GSMArena" xəbər verir ki, Portuqaliyanın "MegaPC" pərakəndə satış şəbəkəsi "Motorola Signature 27" smartfonunu, eləcə də hələ təqdim olunmamış "Motorola Razr Flex" qatlanan modelini saytında qiymətləri ilə yerləşdirib.

"Signature 27" "Pantone Coal Smoke" rəngində, 12 GB operativ yaddaş və 512 GB daxili yaddaşla 1594,90 avroya təklif olunur. Səhifədə məhsulun müvəqqəti olaraq stokda olmadığı qeyd edilib, satış tarixi isə açıqlanmayıb. Təsvirə görə, cihaz "Snapdragon 8 Elite Extreme Gen 6" prosessoru, 200 MP periskop teleobyektiv, 50 MP "Sony Lytia 910" əsas kamera və "Bang & Olufsen" tərəfindən tənzimlənmiş səs sistemi ilə təchiz olunub. Smartfonda aerokosmik səviyyəli alüminium çərçivə, keramik şüşə və 3D buxar kamerası soyutma sistemi də var.

GSMArena

"Razr Flex" isə "Pantone Coriander" və "Pantone Dark Botanical Garden" rənglərində, 12 GB operativ və 256 GB daxili yaddaşla 1510,90 avroya qeyd olunub. Bu rənglər geniş ekranlı qatlanan model haqqında əvvəlki məlumatlarla üst-üstə düşür. Cihaz bu yaxınlarda "Geekbench" testində "Snapdragon 8 Gen 5" prosessoru və "Android 17" ilə görünüb, sızma isə dekabrın ortalarında təqdimata işarə edib.

Bununla belə, "Razr Flex" ilə bağlı səhifələrdə yalnız şablon şəkil yer alıb, təsvirdə isə cihaz kitab tipli deyil, "clamshell" formatlı adlandırılıb. "Signature 27"dən cəmi 84 avro ucuz olan qiymətin də müvəqqəti ola biləcəyi bildirilir.

Qeyd edək ki, "Motorola" "Signature 27"ni ötən ay "Qualcomm"un "Snapdragon" tədbirində nümayiş etdirib, lakin tam texniki xüsusiyyətlərini və qiymətini açıqlamayıb. Model bu ilin əvvəlində satışa çıxan "Motorola Signature"un davamçısıdır.

Mənbə: GSMArena