Motorola "Moto Buds Ultra 27" qulaqlığını və "Moto Watch Fit 27" saatını təqdim edib
Yeni aksesuarlar Şimali Amerikada yaxın aylarda satışa çıxacaq, lakin qiymət və dəqiq tarix hələ açıqlanmayıb.
9to5Google xəbər verir ki, "Motorola" yeni premium ekosistemini tamamlayan "Moto Buds Ultra 27" qulaqlığını və "Moto Watch Fit 27" ağıllı saatını təqdim edib. Hər iki cihazın Şimali Amerikada yaxın aylarda satışa çıxarılması gözlənilir, lakin şirkət qiymət və buraxılış tarixini açıqlamayıb.
Şirkətin "indiyədək ən funksional qulaqlığı" adlandırdığı "Moto Buds Ultra 27" "Bose" brendli aktiv səs-küyün azaldılması funksiyası, altı mikrofon və 11 mm-lik dinamik drayverlərlə təchiz olunub. Qulaqlıq bir dəfə şarjla təxminən 8 saat işləyir, qutu isə əlavə 37 saat istifadə imkanı verir. Cihazda "Motorola Qira" köməkçisi, süni intellektə əsaslanan canlı tərcümə, baş jestləri, iki cihaza qoşulma və IP57 qoruma dərəcəsi mövcuddur.
"Moto Watch Fit 27" isə gündəlik sağlamlıq izləməsinə yönəlib və bir dəfə şarjla təxminən iki həftə işləyə bilir. Saat 1,85 düymlük "gOLED" ekran, "Gorilla Glass 3" şüşə, alüminium korpus, fırlanan tac, IP68 və 5ATM qoruma ilə gəlir. "Polar" texnologiyası əsasında nəbz, qanda oksigen səviyyəsi, stres və yuxu izlənir, 100-dən çox məşq növü və iki tezlikli GPS dəstəklənir.
Qeyd edək ki, yeni aksesuarlar "Motorola"nın 1600 dollarlıq "Motorola Signature 27" flaqman smartfonu ilə birlikdə ekosistem yaratmaq məqsədi daşıyır. Bundan əvvəl şirkət "Wear OS" əsaslı "Moto Watch Ultra" saatını da təqdim etmişdi.
Mənbə: 9to5Google