"macOS 27"-də "Dynamic Island" elementləri aşkarlanıb: sensor ekranlı "Mac" gəlir
Təqdimatdan bir neçə saat əvvəl əməliyyat sistemində yeni "MacBook Pro"nun ekran dizaynına işarə edən vizual elementlər tapılıb.
9to5Mac xəbər verir ki, "Apple"-ın OLED və sensor ekranlı yeni "MacBook Pro"nu təqdim etməsinə saatlar qalmış "macOS 27" əməliyyat sistemində "Dynamic Island" elementləri aşkarlanıb. Gözləntilərə görə, yeni noutbukda ekrandakı kəsik "Dynamic Island" ilə əvəz olunacaq.
Elementləri "pdfu" ləqəbli insayder yeni "MenuBarAgent" komponentində tapıb. O, "Dynamic Island" üçün beş vizual nümunə paylaşıb və bəzi sistem görünüşlərinin artıq əməliyyat sistemində mövcud olduğunu bildirib.
İnsayderin sözlərinə görə, "Siri"nin süni intellekt funksiyası da "iPhone"dakı kimi damla formalı dizaynla bu yeni ekran sahəsindən açılacaq.
Bloomberg-in son hesabatına əsasən, yeni modellər mövcud versiyalardan təxminən 400 dollar baha olacaq. Bu, əvvəllər proqnozlaşdırılan 500-700 dollarlıq fərqdən azdır.
Qeyd edək ki, "Dynamic Island"-ın yeni nəsil "MacBook Pro"ya gələcəyi barədə ilk dəfə Bloomberg hələ fevral ayında məlumat vermişdi. Təqdimat Los-Ancelesdə keçiriləcək.
Mənbə: 9to5Mac