"MacBook Neo" "iPhone" prosessoru ilə necə işləyir: əsas üstünlüklər və məhdudiyyətlər

700 dollarlıq noutbuk gündəlik işlərin öhdəsindən gəlsə də, 8 GB operativ yaddaş və məhdud portlar səbəbindən ağır tapşırıqlarda zəif qalır.

Engadget

Engadget xəbər verir ki, "Apple" şirkətinin "MacBook Neo" noutbuku smartfon prosessoru ilə işləməsinə baxmayaraq, qiymətinə görə yaxşı seçim hesab olunur. Cihazda 2024-cü ildə "iPhone 16 Pro" üçün hazırlanmış "A18 Pro" çipi istifadə edilib. Noutbuk hazırda 700 dollara satılır.

Noutbukdakı prosessor smartfondakı versiyadan bir qədər zəifdir: altı nüvəli mərkəzi prosessor saxlanılsa da, qrafik nüvələrin sayı altıdan beşə endirilib. Buna baxmayaraq, testlərdə "MacBook Neo" bir neçə brauzeri, video yayımını, "Pixelmator Pro" proqramında foto redaktəni və "Oceanhorn 3" oyununu eyni anda problemsiz idarə edib.

Engadget

Bununla belə, 8 GB operativ yaddaş vizual effektlərlə 4K video montajı kimi ağır işlərdə ciddi ləngimələrə səbəb olur. Bir sıra tətbiqlər, o cümlədən "Assassin's Creed Shadows" oyunu ən azı "M1" prosessoru tələb edir. Portlar da məhduddur: 10 Gbps sürətli "USB 3", 480 Mbps sürətli "USB 2" və 3,5 mm-lik qulaqlıq girişi mövcuddur, "Thunderbolt" dəstəyi isə yoxdur.

Bloomberg-in əməkdaşı Mark Gurmanın məlumatına görə, 2027-ci ildə təqdim olunacaq yeni model "iPhone 17 Pro"-dakı "A19 Pro" çipi və 12 GB operativ yaddaşla təchiz ediləcək. Nəşr "macOS 27"-dəki bəzi süni intellekt funksiyalarının "M3" çipi və 12 GB operativ yaddaş tələb etdiyini nəzərə alaraq, mümkünsə, ikinci nəsli gözləməyi tövsiyə edir.

Engadget

Qeyd edək ki, "MacBook Neo" 2026-cı ilin martında satışa çıxıb. Üç ay sonra "MacBook Air"-in qiyməti 200 dollar artaraq 1300 dollara yüksəlib. "MacBook Air"-in son versiyası "M5" çipi, ən azı 16 GB operativ yaddaş, "Thunderbolt 4" dəstəkli "USB 4" portları və "MagSafe" enerji girişi ilə təchiz olunub.

Mənbə: Engadget