"iPhone"un 20 illik yubiley modelində "Dynamic Island" saxlanılacaq
Tanınmış insayderin məlumatına görə, gələn ilin "Pro" modellərində ekranda kəsiksiz dizayn hələlik reallaşmayacaq.
9to5Mac xəbər verir ki, "Apple"ın "iPhone"un 20 illiyinə həsr olunmuş yenilənmiş "Pro" modellərində ekran kəsiksiz olmayacaq. Bu barədə "Weibo" platformasında tanınmış insayder "Digital Chat Station" məlumat verib.
İnsayder bir istifadəçinin sualını cavablandırarkən "iPhone 20 Pro Max" ekranında dəliklərin qalacağını təsdiqləyib. Bu o deməkdir ki, cihazda "Dynamic Island" kəsiyi saxlanılacaq.
Əvvəlki şayiələrə görə, yeni modeldə cihazın kənarlarını əhatə edən dörd tərəfdən əyilmiş ekran olacaq və bu, çərçivəsiz görünüş yaradacaq. İlkin məlumatlarda həmçinin "Dynamic Island"dan tam imtina edilərək tamamilə şüşə, kəsiksiz ekran təqdim olunacağı da iddia edilirdi.
"Dynamic Island"ın ölçüsünün "iPhone 18 Pro"dakı ilə eyni olub-olmayacağı hələlik məlum deyil. Lakin cihazda "Face ID" funksiyasının saxlanılacağı gözlənildiyindən, ölçünün dəyişməməsi ehtimalı yüksək hesab olunur.
Qeyd edək ki, həmin insayder bir gün əvvəl 2027-ci ilin əvvəlində təqdim olunacaq üç yeni modeli – "iPhone 18e", "iPhone 18" və "iPhone Air 2"ni sadalayıb. Onun sözlərinə görə, "iPhone 18" "Pro" modellərindən ilhamlanan iki təkmilləşdirmə əldə edəcək.
Mənbə: 9to5Mac