Mashable xəbər verir ki, "Apple"in ilk qatlanan smartfonu olan "iPhone Duo" satışa çıxdığı gün bəzi istifadəçilər cihazın daxili ekranının menteşə boyunca çatladığını bildiriblər. Sosial şəbəkələrdə yayılan fotolarda çat ekranın düz qatlanma xətti boyunca yuxarıdan aşağıya uzanır.

Paylaşılan görüntülərə əsasən, problem hər dəfə eyni şəkildə özünü göstərir. Çatla yanaşı, daxili ekranın sağ tərəfində piksel nasazlığı yaranır və parlaq ağ xətt görünür. Problemin dəqiq səbəbi və nə qədər geniş yayıldığı hələlik məlum deyil, lakin şikayətlər ABŞ, Avstraliya və Çindən daxil olub.

Avstraliyadan olan bir "Reddit" istifadəçisi çatın cihazı aldıqdan 6 saatdan az müddət sonra və onu 20 dəfədən az qatladıqdan sonra yarandığını yazıb. Onun sözlərinə görə, telefonla dəstək xidməti sürətli əvəzləmə təklif edib, lakin bunun üçün telefonun tam dəyərinin bloklanmasını tələb edib və çatdırılma müddətinə zəmanət verməyib. İstifadəçi bunun əvəzinə "Apple Store" mağazasına gedib və orada cihaz dərhal yenisi ilə dəyişdirilib.

MacRumors-un qeyd etdiyinə görə, "Apple" problemin səbəbini araşdırmaq və gələcək istehsalda aradan qaldırmaq üçün zədələnmiş cihazları toplaya bilər.

Qeyd edək ki, "iPhone Duo" ilk gündən əsasən müsbət rəylər alsa da, ekspertlər "FaceTime" kamerasının keyfiyyətini, bir çox tətbiqin hələ qatlanan ekrana uyğunlaşdırılmamasını tənqid ediblər. Bundan əlavə, daxili ekrandakı qatlanma izinin zamanla daha çox nəzərə çarpdığı barədə məlumat da yayılıb.