"iPadOS 27.2" yeniləməsi "Siri" və "Apple TV" tətbiqinə yeni funksiyalar gətirib

Yeniləmə ilə seçilmiş mətn üçün "Siri" pəncərəsi, söhbətləri yadda saxlama imkanı və "Apple TV"də istifadəçi profilləri əlavə olunub.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple" bu həftə planşetlər üçün "iPadOS 27.2" yeniləməsini yayımlayıb. Yeniləmənin diqqət çəkən iki əsas yeniliyi "Siri AI" köməkçisi və "Apple TV" tətbiqi ilə bağlıdır.

Artıq trekpad və ya siçanla mətn seçildikdə seçimin sol tərəfində kontekstual "Siri" pəncərəsi görünür. Kursor ikonun üzərinə gətirildikdə "Ask Siri" sorğu sahəsi açılır və istifadəçi seçdiyi mətn barədə sual verə bilir. Pəncərədə həmçinin mətnin yoxlanılması və yenidən yazılması kimi təkliflər yer alır. Bu funksiya ilk dəfə "macOS Golden Gate" əməliyyat sistemində təqdim olunmuşdu.

9to5Mac

"Apple"ın açıqlamasına görə, "Siri AI" indi əvvəlki söhbətləri xatırlaya bilir, məsələn, keçən həftə tövsiyə etdiyi restoranları yada sala bilir. Köməkçi həmçinin "Messages"dəki fotolardan, təqvim tədbirlərinin iştirakçılarından, səsli mesajlardan, eləcə də "Safari" tarixçəsi və oxu siyahısından daha yaxşı istifadə edir.

İkinci yenilik "Apple TV" tətbiqində istifadəçi profillərinin əlavə olunmasıdır. Tətbiq açılarkən profil seçimi ekranı görünür və seçimdən asılı olaraq izləmə növbəsi, tarixçə və tövsiyələr yenilənir. Uşaq profili aktiv olduqda yalnız valideynin təyin etdiyi yaş məhdudiyyətlərinə uyğun məzmun göstərilir. İstəməyənlər bu ekranı söndürə bilərlər.

9to5Mac

Qeyd edək ki, oxşar profil funksiyası daha əvvəl "Apple TV 4K" cihazında "tvOS" əməliyyat sistemi vasitəsilə təqdim olunmuşdu. Mənbənin bildirdiyinə görə, "Siri" və "Spotlight" artıq inteqrasiya olunub və köməkçini CMD + Space qısayolu ilə çağırmaq mümkündür.

Mənbə: 9to5Mac