"iPad" satışları 27,5 faiz azalıb, "Apple" planşet bazarında liderliyini qoruyub
"Omdia"nın hesabatına görə, qlobal planşet bazarı üçüncü rübdə 23 faiz kiçilərək təxminən son üç ilin ən aşağı səviyyəsinə enib.
9to5Mac xəbər verir ki, "Apple" 2026-cı ilin üçüncü rübündə 11,5 milyon "iPad" göndərib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz azdır, lakin şirkət 36 faizlik payla planşet bazarında birinci yeri qoruyub.
Analitik şirkət "Omdia"nın hesabatına əsasən, "Apple"ın bazar payı bir il əvvəlki ilə müqayisədə 2,2 faiz bəndi geriləyib. Ümumilikdə qlobal planşet bazarı 23 faiz kiçilib: göndərişlər 41,8 milyondan 32,2 milyon ədədə enib. Bu, təxminən son üç ilin ən aşağı səviyyəsidir.
Reytinqdə ikinci yeri 16,9 faizlə "Samsung" tutub. Onu 12,7 faizlə "Lenovo", 7,3 faizlə "Xiaomi" və 5,7 faizlə "Huawei" izləyib. İlk beşlikdə yalnız "Lenovo" artım göstərib (11,9 faiz). Ən kəskin eniş "Huawei"də (43 faiz) qeydə alınıb, "Samsung"un göndərişləri 21,7 faiz, "Xiaomi"ninki isə 10,6 faiz azalıb.
"Omdia"nın tədqiqat meneceri Himani Mukka bildirib ki, təchizat məhdudiyyətləri istehsalçıların yeni modellərdə ciddi texniki təkmilləşdirmələr etmək imkanını azaldır. Onun sözlərinə görə, bu səbəbdən istifadəçilər daha əhəmiyyətli yeniliklər çıxana qədər alışı təxirə sala bilərlər.
Qeyd edək ki, "Apple" uzun illərdir qlobal planşet bazarında lider mövqedədir və bazar payının üçdə birindən çoxuna sahibdir.
Mənbə: 9to5Mac