"iOS 27.2" yeniləməsi "FaceTime"a iki yeni funksiya gətirib

Arxa və ön kameradan eyni anda görüntü ötürən rejim artıq qrup zənglərində də işləyir, əlçatanlıq imkanları isə genişləndirilib.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple" şirkətinin "iOS 27.2" yeniləməsi "Messages", "Podcasts" və "Photos" tətbiqləri ilə yanaşı, "FaceTime" xidmətinə də yeni funksiyalar əlavə edib.

İlk yenilik "Dual Capture" funksiyası ilə bağlıdır. "iOS 27"-də təqdim olunan bu rejim istifadəçiyə həm ön, həm də arxa kameranın görüntüsünü eyni anda göstərməyə imkan verir. Əvvəllər funksiya yalnız iki nəfərlik zənglərdə işləyirdisə, indi qrup zəngləri daxil olmaqla bütün video zənglərdə əlçatandır. "iPhone 17" və daha yeni modellərdə bunun üçün zəng zamanı "Flip" düyməsini basmaq kifayətdir. Lakin zəngin bütün iştirakçılarında "iOS 27", "iPadOS 27" və ya "macOS 27" quraşdırılmalıdır.

9to5Mac

İkinci yenilik əlçatanlığa yönəlib: "FaceTime" artıq üçüncü tərəf işarə dili tərcüməçilərini və canlı subtitr xidmətlərini dəstəkləyir. Menyudakı "Sign Language" düyməsi vasitəsilə quraşdırılmış VRS tətbiqini seçmək və tərcüməçini zəngə qoşmaq mümkündür. Daxili "Live Captions" funksiyası isə əvvəlki kimi avtomatik subtitrlər əlavə etməyə davam edir.

Bundan əlavə, "iPhone Duo" sahibləri üçün "Edge Light" funksiyası təqdim olunub. O, ekranın kənarında işıq halqası yaradaraq video zənglərdə üzü daha yaxşı işıqlandırır və bir neçə video zəng tətbiqində, o cümlədən "FaceTime"da işləyir. İşığın intensivliyini və rəng temperaturunu tənzimləmək mümkündür.

9to5Mac

Qeyd edək ki, "Edge Light" funksiyası əvvəlcə "Mac" kompüterlərində təqdim olunmuşdu və fiziki halqa lampasına daxili alternativ kimi təqdim edilir.

Mənbə: 9to5Mac