Google "Pixel Watch" ağıllı saatlarında batareya problemini təsdiqləyib
Şirkət bəzi istifadəçilərin üzləşdiyi gözlənilməz enerji sərfiyyatını aradan qaldıran düzəlişi yaymağa başlayıb.
9to5Google xəbər verir ki, "Google" bəzi "Pixel Watch" ağıllı saatlarında batareyanın gözlənilmədən sürətlə boşalması problemini təsdiqləyib. Şirkət artıq bu nasazlığı aradan qaldıran düzəlişin yayılmağa başladığını açıqlayıb.
Ötən həftə "Reddit" kimi platformalarda istifadəçilər saatlarının batareya ömrünün kəskin azaldığını bildirmişdilər. Bəzi şikayətlərə görə, cihazlar adi iş müddətinin yarısından da az davam gətirirdi.
"Google" nümayəndəsinin sözlərinə görə, problem az sayda istifadəçiyə təsir edib və düzəliş növbəti bir neçə gün ərzində hamıya çatacaq. Yeniləməni əldə etmək üçün saatın tacını basmaq, "Play Store" tətbiqini açmaq və "Manage apps > Update all" bölməsindən bütün tətbiqləri yeniləmək tövsiyə olunur.
Problem bütün cihazlarda müşahidə olunmayıb, lakin "Pixel Watch 2" və daha yeni modellərin sahibləri arasında geniş yayılması səbəbin aparat deyil, proqram təminatı ilə bağlı olduğunu göstərib.
Qeyd edək ki, "Google" problemin mənbəyini açıqlamayıb və onun son "Wear OS" yeniləməsi ilə əlaqəli olub-olmadığını şərh etməyib. Səbəbin saatın xüsusi tətbiqlərindən biri və ya fonda həddindən artıq enerji sərf edən proqram komponenti ola biləcəyi ehtimal edilir.
Mənbə: 9to5Google