Google "Android" üçün yeni "Family Hub" funksiyasını təsdiqləyib
Ailə hesablarının idarə olunması üçün nəzərdə tutulan bölmə "Ayarlar" menyusunda yer alacaq, yayımı isə istənilən an başlaya bilər.
9to5Google xəbər verir ki, "Google" "Android" əməliyyat sisteminin "Ayarlar" menyusuna yeni "Family Hub" funksiyasını əlavə edəcəyini təsdiqləyib. Bu barədə məlumat 2026-cı ilin noyabr ayına aid "Google System Update" yeniləməsinin qeydlərində yer alıb.
Şirkətin açıqlamasına görə, "Family Hub" ailə idarəetmə alətlərini bir yerdə toplayan xüsusi bölmə olacaq. Funksiya rəsmi elan edilsə də, hazırda onun istifadəçilərə geniş şəkildə yayıldığına dair əlamət yoxdur.
"Android Authority" isə funksiyanın ilkin versiyasını artıq bəzi cihazlarda müşahidə edib. Məlumata görə, "Pixel" smartfonlarında yeni "Ailə" bölməsi "Google" hesabı və şəbəkə ayarları arasında yerləşir. Bölməyə daxil olduqda istifadəçinin hesabına bağlı ailə hesablarının siyahısı, müxtəlif paylaşım və icazə seçimləri, həmçinin təqvim tədbirləri üçün ayrıca bölmə görünür.
Qeyd edək ki, "Google" funksiyanı artıq rəsmi şəkildə elan etdiyi üçün onun yayımı yaxın günlərdə istənilən an başlaya bilər. Şirkət son vaxtlar "Android" üçün müxtəlif yeniliklər üzərində işləyir, o cümlədən gələn il "Android" və "iOS" tətbiqlərinin "Quick Share" funksiyasını birbaşa inteqrasiya etməsinə imkan verəcəyini açıqlayıb.
Mənbə: 9to5Google