# "Galaxy Watch 5 Pro" istifadəçisi gecə saatın səbəb olduğu yanıqdan şikayət edib

> İstifadəçinin dediyinə görə, səhər batareyası tam boşalmış saat bir daha işə düşməyib, qolunda isə qabarlar əmələ gəlib.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/mobil/galaxy-watch-5-pro-istifadecisi-gece-saatin-sebeb-oldugu-yaniqdan-sikayet-edib
- Dərc olunub: 23 oktyabr 2026, 12:20 (Bakı)
- Bölmə: Mobil
- Teqlər: Samsung, Ağıllı saat
- Mənbə: [9to5Google](https://9to5google.com/2026/10/22/galaxy-watch-5-pro-user-reported-burn)

!["Galaxy Watch 5 Pro" istifadəçisi gecə saatın səbəb olduğu yanıqdan şikayət edib](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/2e46330e88c8943d.webp)
_9to5Google_

9to5Google xəbər verir ki, "Samsung" şirkətinin "Galaxy Watch 5 Pro" ağıllı saatından istifadə edən bir nəfər gecə yatarkən saatın dərisində yanıq və qabarlar yaratdığını bildirib. İstifadəçi "Reddit" platformasında qolundakı qızartı və qabarların fotolarını paylaşıb.

İstifadəçinin sözlərinə görə, o, saatı tam doldurduqdan sonra yatağa qədər taxıb, səhər isə batareyanın tamamilə boşaldığını görüb. Hadisədən sonra cihaz ümumiyyətlə işə düşməyib. Bu, 590 mAh tutumlu batareyanın gecə ərzində həddən artıq aktiv işlədiyinə işarə ola bilər.

Mənbənin qeyd etdiyinə görə, litium-ion batareya bir neçə saat ərzində boşaldıqda xeyli istilik ayırır, buna görə də belə yanığın yaranması mümkündür. Saatların dəridə qızartı və qıcıqlanma yaratması nadir hal deyil və adətən kontakt dermatit kimi qiymətləndirilir, lakin qabarların yaranması yeni haldır.

Qeyd edək ki, əvvəllər də "Galaxy Watch Ultra", "Galaxy Watch Ultra 2", "Galaxy Watch 8" və digər modellərin istifadəçiləri həddən artıq qızma ilə bağlı şikayət ediblər. Batareya problemləri hətta "Galaxy Ring" ağıllı üzüyündə də qeydə alınıb. Buna baxmayaraq, 9to5Google illərdir apardığı testlərdə "Galaxy Watch" saatlarının dəridə iz buraxan qızma problemi ilə qarşılaşmadığını bildirib.
