"Galaxy S27" 8 GB operativ yaddaşla gələ bilər: səbəb yaddaş böhranıdır

Süni intellekt sənayesinin yaratdığı yaddaş qıtlığı fonunda digər "Android" istehsalçılarının da büdcə modellərində 4 GB-a qayıdacağı iddia edilir.

9to5Google

9to5Google xəbər verir ki, "Samsung" şirkəti gələcək "Galaxy S27" seriyasının baza modellərində operativ yaddaşı 12 GB-dan 8 GB-a endirməyi nəzərdən keçirir. Bunun səbəbi kimi süni intellekt sənayesinin yaddaş çiplərinə tələbatı artırması və nəticədə qiymətlərin sürətlə yüksəlməsi göstərilir.

İnsayder @kro_roe-nin paylaşdığı məlumata görə, "Galaxy S27" və "Galaxy S27+" modelləri 8 GB/256 GB və 12 GB/512 GB versiyalarında təqdim olunacaq. "Galaxy S27 Pro" 12 GB operativ yaddaşla gələcək, 16 GB-lıq versiya isə hələ müzakirə mərhələsindədir. "Galaxy S27 Ultra" üçün 12 GB/256 GB, 12 GB/512 GB və 16 GB/1 TB konfiqurasiyaları gözlənilir.

Həmin mənbə qiymət artımının "qaçılmaz ola biləcəyini" və ilkin sifariş dövründə yaddaşın ikiqat artırılması kimi kampaniyaların keçirilməyə bilinəcəyini bildirib. Bundan əlavə, xərcləri balanslaşdırmaq üçün bəzi modellərdə fərqli "UFS" yaddaş versiyalarından istifadə oluna bilər.

Weibo-dakı başqa bir insayderin iddiasına görə, bir neçə digər "Android" brendi də flaqmanlarında operativ yaddaşı 12 GB-a, orta seqmentdə 8 GB-a endirəcək. Büdcə smartfonlarının əksəriyyətinin isə yenidən 4 GB-a qayıdacağı bildirilir.

Qeyd edək ki, "Galaxy S25" və "Galaxy S26" seriyaları 12 GB baza operativ yaddaşla təqdim olunub, "Ultra" modelinin bəzi versiyalarında isə 16 GB seçimi mövcud olub. "Galaxy S26"-nın bütün modellərində "UFS 4.0" yaddaşdan istifadə edilib.

Mənbə: 9to5Google