"Exynos 2700" daxili testlərdə "Snapdragon"u 20 faizədək qabaqlayıb
"Samsung"un "Galaxy S27" seriyası üçün hazırladığı yeni prosessor həm CPU, həm də qrafika testlərində "Qualcomm"un flaqman çipini geridə qoyub.
GSMArena xəbər verir ki, "Samsung"un hələ təqdim olunmamış "Exynos 2700" prosessoru daxili testlərdə "Xiaomi 18 Pro Max" smartfonunda istifadə olunan "Snapdragon 8 Elite Extreme Gen 6" çipini 20 faizədək qabaqlayıb. Yeni çipin gələn ilin əvvəlində çıxacaq "Galaxy S27" seriyasının ən azı bəzi modellərində istifadə olunacağı gözlənilir.
Məlumata görə, "Exynos 2700" "Geekbench 6.5" çoxnüvəli testində təxminən 13 000 bal toplayıb, "Qualcomm" çipi isə 11 000 bal civarında nəticə göstərib. "Geekbench 7.0"da fərq 15 faiz təşkil edib. "Xiaomi 18 Pro"dakı "Snapdragon 8 Elite Gen 6" ilə müqayisədə isə üstünlük müvafiq olaraq 44 və 36 faizə çatıb.
Qrafika testlərində də "Samsung" çipi önə keçib. İddialara görə, ən son qrafik texnologiyalardan istifadə edən ağır oyunlarda "Exynos 2700" pik performansda təxminən 20 faiz, adi yüksək səviyyəli 3D oyunlarda isə 5 faiz daha yaxşı nəticə göstərib.
Yeni prosessorun "Samsung Foundry"nin ikinci nəsil 2 nanometrlik SF2P texnologiyası ilə istehsal ediləcəyi və temperaturu azaltmaq üçün təkmilləşdirilmiş "Heat Path Block" qablaşdırması alacağı bildirilir. Bununla belə, nəticələr daxili testlərə aiddir və çipin real performansı ilə enerji səmərəliliyi satışa çıxan cihazlarda bəlli olacaq.
Qeyd edək ki, hazırda "Exynos 2600" bəzi "Galaxy S26" modellərində və "Galaxy Z Flip8"də istifadə olunur. Avqust ayında da insayderlər "Exynos 2700"ün "Qualcomm"un növbəti flaqman çiplərini daxili testlərdə üstələdiyini iddia etmişdilər.
Mənbə: GSMArena