9to5Mac xəbər verir ki, "Counterpoint Research" şirkətinin yeni hesabatına əsasən, 2026-cı ilin üçüncü rübündə Çində smartfon tədarükü ötən illə müqayisədə 10 faiz azalaraq son 14 ilin ən aşağı səviyyəsinə enib. Bazara təsir edən əsas amillərdən biri yaddaş qiymətlərinin artmasıdır.
Bazarın daralmasına baxmayaraq, "Apple" Çində smartfon tədarükünün 19,5 faizini təşkil edib. Bu göstərici ötən ilə nisbətən 4,8 faiz bəndi çoxdur. Şirkət yalnız payını 5,3 faiz bəndi artıraraq 21,3 faizə çatdıran "Huawei"dən geri qalıb.

İlk altılıqda payını artıran yalnız bu iki brend olub. "vivo"nun payı 15,2 faizə, "OPPO"nunku 15,1 faizə, "Xiaomi"ninki 13,5 faizə, "HONOR"unku isə 12,7 faizə enib. "Apple" ümumi tədarükdə altıncı yerdən ikinci yerə yüksəlib.
Analitiklər bu nəticəni qismən "iPhone 18 Pro" seriyasının uğurlu satış startı ilə əlaqələndirib. Seriyanın ilk üç həftədəki satışları "iPhone 17 Pro" ilə müqayisədə 23,5 faiz çox olub. Hesabata görə, baza "iPhone 18" modelinin gec təqdim edilməsi bəzi alıcıları "Pro" versiyalarına yönəldib.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl "IDC" də Çində tədarükün 15,4 faiz azaldığını, "Apple"ın payının isə 17,8 faizə yüksəldiyini açıqlamışdı. "IDC"yə görə, qlobal smartfon tədarükü rekord 22 faiz azalıb. "Counterpoint" isə qiymət artımı səbəbindən istifadəçilərin cihaz yeniləməsini təxirə saldığını və dördüncü rübdə tələbatın daha da zəifləyə biləcəyini bildirib.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




