"Apple Watch Series 12" və "Ultra 4" iki yeni süni intellekt funksiyası alacaq

"Siri Recap" gün ərzində söhbətlərin xülasəsini hazırlayacaq, "Live Rewind" isə son 15 saniyədə deyilənləri mətn şəklində göstərəcək.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple Watch Series 12" və "Apple Watch Ultra 4" ağıllı saatları bu ilin sonunadək iki yeni funksiya əldə edəcək. Söhbət "Siri Recap" və "Live Rewind" imkanlarından gedir.

"Siri Recap" gün ərzində istifadəçinin söhbətləri barədə fon rejimində qeydlər aparır və "Apple Intelligence" vasitəsilə ümumi xülasələr yaradır. Bu xülasələr sonradan yaddaşı təzələmək üçün istifadə oluna bilər. Saxlanılmayan xülasələr 7 gündən sonra avtomatik silinir.

9to5Mac

"Live Rewind" isə "Digital Crown" düyməsinə iki dəfə basdıqda son 15 saniyədə deyilənləri saatın ekranında mətn parçası kimi göstərir. İstifadəçi bu mətnlə bağlı "Siri"yə sual verə və ya onu "Siri" tətbiqində saxlaya bilər.

"Apple" hər iki funksiyanın məxfilik qorumaları ilə bağlı ətraflı sənədlər dərc edib. Nəşrin yazdığına görə, yeni imkanların "watchOS 27.3" yeniləməsi ilə təqdim olunacağı gözlənilir və həmin versiyanın beta sınağı tezliklə başlaya bilər.

9to5Mac

Qeyd edək ki, "Siri"nin süni intellekt imkanları "watchOS 27" əməliyyat sisteminin əsas yeniliklərindən biri hesab olunur. "Apple" hər iki funksiyanı "Audio Intelligence" adlı yeni istiqamət çərçivəsində təqdim edir.

Mənbə: 9to5Mac