"Apple" bu həftə OLED ekranlı "iPad mini 8"i təqdim edə bilər: qiyməti artacaq
Yeni planşetin "A20 Pro" prosessoru, 12 GB yaddaş və suya davamlı korpusla gələcəyi, başlanğıc qiymətinin isə 799 dollar olacağı gözlənilir.
9to5Mac xəbər verir ki, "Apple" bu həftə yenilənmiş "iPad mini" planşetini təqdim edəcək. Bu, 2021-ci ildən bəri modelin ekran texnologiyasında ilk ciddi dəyişiklik, 2024-cü ildən bəri isə ilk prosessor yeniləməsi olacaq.
Şayiələrə görə, yeni "iPad mini" OLED ekranla təchiz olunacaq. Bu, "iPad Pro"dakı kimi "Tandem OLED" olmasa da, daha canlı rənglər, yüksək kontrast və parlaqlıq təqdim edəcək. Lakin ekranın 120 Hz-lik "ProMotion" dəstəyi alıb-almayacağı hələlik məlum deyil.
Planşetin 12 GB operativ yaddaşa malik "A20 Pro" prosessoru ilə gələcəyi bildirilir. Bu, cihazda "Apple"ın ən qabaqcıl süni intellekt modellərini lokal işlətməyə imkan verəcək. Mövcud "A17 Pro" ilə müqayisədə çoxnüvəli prosessor performansının təxminən 60 faiz, qrafik performansın isə 166 faiz artacağı gözlənilir.
Bundan əlavə, "Apple" yeni korpus və yenidən dizayn edilmiş dinamiklər sayəsində "iPad mini"ni suya davamlı etməyə çalışır. Bu reallaşarsa, model suya davamlı ilk "iPad" olacaq.
Qeyd edək ki, "Bloomberg"in jurnalisti Mark Qurmanın məlumatına görə, yeni modelin başlanğıc qiyməti 799 dollar ola bilər. Hazırkı "iPad mini" isə 599 dollardan satılır və 8 GB yaddaşlı "A17 Pro" prosessoru ilə işləyir.
Mənbə: 9to5Mac