"Android" üçün "Apple Music 7.0" "Liquid Glass" dizaynı ilə yayımlanıb
Bir aylıq beta sınaqdan sonra tətbiq yeni ikon, mavi vurğu rəngi və üzən naviqasiya paneli ilə istifadəçilərə təqdim olunub.
9to5Mac xəbər verir ki, "Android" üçün "Apple Music" tətbiqinin 7.0 versiyası bir aylıq beta sınaqdan sonra istifadəçilərə yayımlanmağa başlayıb. Yeniləmə tətbiqə "Liquid Glass" dizaynını və musiqi xidmətinin yeni ikonunu gətirib.
Əvvəlki qırmızı fonlu ikon cihazın temasına uyğun olaraq qara və ya ağ rəngdə olan yenilənmiş musiqi notu ilə əvəzlənib. Tətbiq boyunca vurğu rəngi isə qırmızıdan maviyə dəyişib. Aşağı naviqasiya paneli artıq üzən formadadır və yüngül şəffaflığa malikdir, mini-pleyer isə panelə bağlı deyil. Bununla belə, "iOS" versiyasından fərqli olaraq, sürüşdürmə zamanı panel kiçilmir.
Yeniləmədə yuxarı panellər də dəyişib: səhifə başlığı və əlavə menyu eyni sətirdə yerləşir, üç nöqtəli ikonlar dairəvi çərçivəyə alınıb. Kitabxana bölməsində "Edit Pins" və "Edit Categories" funksiyaları üç nöqtəli menyuya köçürülüb. İfaçı səhifələri tamamilə yenidən işlənib və fon rəngi üz qabığı şəklinə uyğunlaşır. Parametrlər səhifəsi də daha yaxşı qruplaşdırılıb, "Now Playing" ekranında isə ciddi dəyişiklik edilməyib.
Qeyd edək ki, "Android" üçün "Apple Music" son buraxılışlardan birində "iOS" ilə uyğunlaşan yeni versiya nömrələmə sisteminə keçib. 7.0 versiyası "iOS 27"-yə uyğun gəlir və artıq "Play Store" vasitəsilə geniş şəkildə yayılıb.
Mənbə: 9to5Mac