Yaponiyada dəmir yolu boyunca ağacları mişarla budayan robot sınaqdan keçirilib

"JR East" şirkəti relsli platformaya quraşdırılmış humanoid robotdan relslərə maneə yaradan budaqların təmizlənməsində istifadə edib.

Tom's Hardware

Tom's Hardware xəbər verir ki, Yaponiyanın "ANN News" telekanalı qolunda mişar olan humanoid robotun iş prosesini göstərib. Robot Yaponiyanın dəmir yolu şirkəti "JR East" tərəfindən dəmir yolu xətlərinə maneə yaratmağa başlayan ağac budaqlarını kəsmək üçün istifadə olunub.

Ağır texnika sinfinə aid olan və hələlik adı açıqlanmayan robot relslər üzərində hərəkət edən yük platformasına quraşdırılıb. Onun bir qolunda mişar, digərində isə budaqları tutmaq üçün tutucu mexanizm yerləşir.

Bildirilir ki, bu halda robotun mişar və tutucu qolları insan tərəfindən məsafədən idarə olunub. Yəni, nümayiş edilən sınaqda robot tam avtonom rejimdə işləməyib.

Qeyd edək ki, "JR East" təhlükəsizliyi, səmərəliliyi artırmaq və gecə-gündüz texniki xidməti təmin etmək məqsədilə fəaliyyətinin müxtəlif sahələrinə süni intellekt və robot texnologiyalarını geniş şəkildə inteqrasiya edir.

Mənbə: Tom's Hardware