"Warhound" startapı ABŞ ordusu üçün genetik dəyişdirilmiş itlər yaradır
200 milyon dollar investisiya cəlb edən layihənin arxasında "Colossal Biosciences" və "Anduril" şirkətlərinin rəhbərləri dayanır.
Engadget xəbər verir ki, "Warhound" adlı yeni startap ABŞ ordusu üçün genetik cəhətdən dəyişdirilmiş itlər yetişdirməyi və onları yüksək texnologiyalı avadanlıqla təchiz etməyi planlaşdırır. Şirkət artıq 200 milyon dollar maliyyə cəlb edib. Layihə "Colossal Biosciences"in rəhbəri Ben Lamm və "Anduril"in qurucusu Palmer Lakiyə məxsusdur.
Lammın sözlərinə görə, startap ABŞ-da ən yaxşı nəticə göstərən ordu, polis və xilasedici itlərindən, əsasən Belçika malinuası, labrador və çoban itlərindən hüceyrə nümunələri toplayıb. Bu nümunələrin genləri artıq redaktə olunur, sonra isə itlər klonlanacaq. İlkin mərhələdə alimlər bud-çanaq displaziyası və bəzi xərçəng növləri kimi cinsə xas xəstəliklərin riskini azaltmağa çalışacaq. Gələcəkdə itləri daha sürətli, çevik etmək və iybilmə qabiliyyətini gücləndirmək də mümkündür.
"Anduril" isə itlərin iş zamanı qorunması üçün eynək, jilet və zirehli geyim kimi alətlər, həmçinin onları idarə edən proqram təminatı hazırlayacaq. Palmer Laki biznes tərəfdaşıdır, lakin nə onun, nə də "Anduril"in startapda payı var. "Colossal Biosciences" şirkətin səhmdarıdır, startapın baş icraçı direktoru isə əvvəllər "Palantir"də çalışmış David Spirkdir.
Qeyd edək ki, "Warhound" ilk genetik dəyişdirilmiş itlərin 2027-ci ilin əvvəlində doğulacağını gözləyir. Onlar bomba aşkarlanması və axtarış-xilasetmə əməliyyatları üçün təlim keçəcək. "Colossal Biosciences" daha əvvəl boz canavarı "dirildiyini" iddia edib və yunlu mamontu geri qaytarmağı hədəfləyir.
Mənbə: Engadget