"Voyager 1" kosmik aparatı iki gün susduqdan sonra yenidən siqnal göndərib

NASA mühəndisləri aparatın niyə müvəqqəti əlaqəni kəsdiyini araşdırır. İlkin məlumata görə, mühərrik qrupu sıradan çıxıb və ehtiyat sistemlər işə düşüb.

The Register

The Register xəbər verir ki, "NASA"-nın "Voyager 1" kosmik aparatı oktyabrın 18-də Yerlə əlaqəni müvəqqəti kəsib. "Deep Space Network" (DSN) şəbəkəsi həmin gün aparatdan siqnal qəbul edə bilməyib, oktyabrın 19-da növbəti cəhd də nəticə verməyib.

Oktyabrın 20-də isə siqnal yenidən bərpa olunub. İlkin məlumata görə, aparatdakı mühərriklərdən bir qrupu sıradan çıxıb və onların ehtiyat variantları işə salınıb. Bu, bort kompüterlərinin problem aşkarlayaraq aparatı təhlükəsiz rejimə keçirdiyini göstərə bilər.

"NASA"-nın Reaktiv Hərəkət Laboratoriyasında (JPL) "Voyager" missiyasının meneceri Kareem Badaruddin bildirib ki, aparatın belə davranışı ilk dəfə müşahidə olunur, lakin missiyanın hazırkı mərhələsində gözlənilməz hallara hazır olmaq lazımdır. Mühəndislər baş verənlərin səbəbini araşdırır.

Bir neçə həftədən sonra "Voyager 1" Yerdən elə uzaqlığa çatacaq ki, göndərilən komandaların aparata çatması tam 24 saat, cavabın Yerə qayıtması isə daha 24 saat çəkəcək.

Qeyd edək ki, "Voyager" əkiz aparatları bu yaxınlarda bort cihazlarının söndürülərək daha az enerji tələb edən alternativlərlə əvəzləndiyi "Big Bang" adlı prosedurdan keçib. Bu addım aparatların ömrünü bir neçə il uzadacaq. Hər iki aparat gələn il 50 illik yubileyini qeyd edəcək. Daha əvvəl, 2023-cü ildə "Voyager 2" anten istiqamətlənməsi problemi ilə üzləşib.

Mənbə: The Register