Tələbənin yataqxanada qurduğu reaktiv dron saatda 790 km sürətə çatıb

"Georgia Tech" tələbəsinin "Reaper" dronu qeyri-rəsmi olaraq dünya rekordunu qırıb, layihə 800 min dollarlıq mükafata iddialıdır.

Tom's Hardware

Tom's Hardware xəbər verir ki, "Georgia Tech" universitetinin aerokosmik mühəndislik tələbəsi Tomas Salvo yataqxana otağında qurduğu "Reaper" adlı reaktiv mühərrikli dronla qeyri-rəsmi dünya rekordu qırıb. Dron saatda 491 mil (790 km) sürətə çatıb, halbuki əvvəlki rekord saatda 465 mil olub.

Dronun gövdəsi xüsusi qəliblənmiş karbon lifdən hazırlanıb, daxili konstruksiyası lazerlə kəsilib. Onu 250 nyuton gücündə reaktiv mühərrik hərəkətə gətirir, mühərrikin soplosu isə 3D printerdə titandan çap olunub. Layihənin ümumi dəyəri 13 min dollar təşkil edib.

Salvonun açıqlamasına görə, "Reaper" rekord sürəti 1,2 kiloqram yük daşıyarkən göstərib. Hazırda üç belə dron mövcuddur və hər biri dolu yanacaq çəni ilə bu sürəti 4 dəqiqə saxlaya bilir. Dronlar relsdən və ya yük maşınından buraxıla, 20 saniyədən az müddətdə 2000 metr hündürlüyə qalxa və tam sürətlə 50 kilometr uça bilir.

Tələbə gələcək sınaqlar və kiçik təkmilləşdirmələr sayəsində sürəti saatda 800 kilometrdən (500 mil) yuxarı qaldırmağı planlaşdırdığını bildirib. O, sistemin artıq etibarlı və təkrarlana bilən olduğunu vurğulayıb.

Qeyd edək ki, Tomas Salvonun məqsədi "Boom Supersonic" şirkətinin baş icraçı direktoru Bleyk Skoll tərəfindən elan olunan 800 min dollarlıq "Boom Prize" mükafatını qazanmaqdır. Rekord hələlik rəsmi qeydə alınmayıb.

Mənbə: Tom's Hardware