Süni intellektlə hazırlanmış virus ilk dəfə insana yeridilib
"Radical Numerics" şirkəti antibiotiklərə davamlı infeksiya ilə mübarizə üçün süni intellektin dizayn etdiyi bakteriofaqları xəstəyə tətbiq edib.
The Register xəbər verir ki, San-Fransiskoda yerləşən süni intellekt laboratoriyası "Radical Numerics" ilk dəfə süni intellektlə dizayn edilmiş bakteriofaqlardan ibarət kokteylin insana yeridildiyini açıqlayıb. Müalicə "compassionate use" adlanan xüsusi icazə rejimi çərçivəsində həyata keçirilib.
Bakteriofaqlar yalnız bakteriyaları yoluxduran viruslardır və antibiotiklərə davamlı infeksiyalara qarşı alternativ müalicə vasitəsi kimi araşdırılır. Onların əsas üstünlüyü konkret bakteriya ştammını hədəfə almaq, faydalı bağırsaq bakteriyalarına isə toxunmamaqdır.
Şirkət bildirib ki, "Omnii-1" adlı süni intellekt modeli ilə yaradılan faq variantları laboratoriya şəraitində xəstədən götürülmüş antibiotikədavamlı bakteriya nümunəsini məhv edib. Bundan sonra kokteyl xəstəyə yeridilib, lakin nəticələr barədə məlumat açıqlanmayıb — şirkət bunu xəstənin məxfiliyinin qorunması ilə izah edib. Hansı infeksiyadan söhbət getdiyi də bildirilmir.
"Radical Numerics" vurğulayıb ki, tək bir xəstə üzərində müşahidələr metodun ümumi təhlükəsizliyini və ya effektivliyini sübut etmir, lakin bu, süni intellektlə yaradılan biologiyanın laboratoriyadan klinikaya keçidində mühüm mərhələdir.
Qeyd edək ki, keçən il Stenford Universiteti və "Arc Institute" tədqiqatçıları süni intellektlə E. coli bakteriyasını hədəfləyən faqlar yaratmış, bəzi variantlar laboratoriya sınaqlarında təbii analoqunu üstələmişdi. Antibiotiklərə davamlılıq isə dünyada artan qlobal səhiyyə təhlükəsi hesab olunur.
Mənbə: The Register