SpaceX gələn ay "Starship" və sürətləndiricisini ilk dəfə tutmağa cəhd edəcək
İlon Mask uğurlu olacağı halda tarixdə ilk dəfə orbital daşıyıcı raketin tam şəkildə geri qaytarılacağını bildirib.
The Verge xəbər verir ki, "SpaceX" şirkəti gələn ay "Starship" kosmik gəmisini və onun "Super Heavy" sürətləndiricisini tutmağa cəhd edəcək. Bu barədə şirkətin rəhbəri İlon Mask üçüncü rübün maliyyə hesabatının təqdimatı zamanı açıqlayıb.
Maskın sözlərinə görə, cəhd uğurlu olarsa, tarixdə ilk dəfə orbital daşıyıcı sistem tam şəkildə geri qaytarılmış olacaq. O, ilk uçuşlarda uğurun zəmanət verilmədiyini, lakin növbəti uçuşda nəticənin müsbət olma ehtimalının daha yüksək olduğunu bildirib. Mask həmçinin il sonuna qədər və gələn il daha sıx tempdə yeni uçuş cəhdlərinin planlaşdırıldığını qeyd edib.
"Starship" iki mərhələli sistemdir: birinci mərhələ "Super Heavy" sürətləndiricisi, ikinci mərhələ isə "Starship" kosmik gəmisidir. Təxminən 120 metr hündürlüyə və 9 metr diametrə malik raket maye metan və maye oksigenlə işləyən "Raptor" mühərrikləri ilə hərəkət edir. Sistem buraxılış meydançasına qayıdaraq qüllədəki mexaniki "çubuq" qolları vasitəsilə havada tutulmaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, keçən ayki buraxılışda "Starship" ilk dəfə Yer orbitinə çıxıb və bir neçə onlarla yeni nəsil "Starlink" V3 peykini orbitə yerləşdirib. Lakin qalxma zamanı "Raptor" mühərriklərindən biri vaxtından əvvəl sönüb və planlaşdırılan 10 saatlıq, 6 dövrəlik missiya təxminən 3 saat və 2 dövrədən sonra başa çatdırılıb. Sürətləndirici Meksika körfəzinə, kosmik gəmi isə Havay adalarının şimalında Sakit okeana enib, hər iki hissə geri qaytarılmayıb.
Mənbə: The Verge