"Sceye" dirijablı ABŞ-dan Yaponiyaya uçaraq səmada mobil qüllə rolunu sınayıb
Helium dolu pilotsuz platforma 30 gündə təxminən 30 min kilometr yol qət edib və "SoftBank" ilə birlikdə fəlakət ssenarisində rabitə testləri keçirib.
Ars Technica xəbər verir ki, amerikalı "Sceye" aerokosmik şirkətinin pilotsuz stratosfer dirijablı Nyu-Meksikodan Yaponiyaya və geri uçuşu uğurla başa vurub. Uçuşun əsas məqsədi platformanın səmada mobil rabitə qülləsi kimi işləyə bilməsini nümayiş etdirmək olub.
Helium dolu platforma 9 avqust 2026-cı ildə havaya qalxıb və 13 gün ərzində Sakit okean üzərindən 15 min kilometrdən çox yol qət edərək Yaponiyaya çatıb. Elektrik pervanəsi, günəş panelləri və batareyalarla təchiz olunan 83 metrlik aparat təxminən 18 kilometr hündürlükdə gecə-gündüz eyni ərazinin üzərində qala bilir.
Şikoku adası üzərində "SoftBank" ilə birgə keçirilən sınaqda dirijabl 4G LTE baza stansiyasını daşıyıb. "SoftBank" ərazidə yerüstü şəbəkəni söndürüb, platforma isə səsli zənglər, mesajlar, internet, "YouTube" yayımı, video zənglər və zəlzələ-sunami xəbərdarlıqları üçün rabitəni təmin edib. Bundan əlavə, dronların idarəsi və bortdakı server vasitəsilə 68 millisaniyəlik gecikmə ilə kənar hesablama testləri aparılıb.
Şirkətlər həmçinin lazer əsaslı optik simsiz rabitəni sınaqdan keçiriblər. Gələcəkdə platformanın aşağı orbitdəki peyklərlə yer infrastrukturu arasında ötürücü stansiya rolunu oynaması nəzərdə tutulur.
Qeyd edək ki, platforma 5 sentyabrda Nyu-Meksikoya qayıdıb və bu, "Sceye"nin indiyədək ən uzun sınaq uçuşu olub. Şirkətin rəhbərliyinə görə, bir platforma 500 yerüstü mobil qülləyə bərabər əhatə təmin edə bilər, gələn il isə üç-altı ay davam edəcək yeni missiya planlaşdırılır.
Mənbə: Ars Technica