NASA-nın Marsdakı ən yaşlı orbital aparatları onilliklərdir necə işləyir?
"Mars Odyssey" və "Mars Reconnaissance Orbiter" bir neçə illik missiya üçün nəzərdə tutulsa da, hələ də fəaliyyətini davam etdirir.
Wired xəbər verir ki, NASA-nın "Mars Odyssey" və "Mars Reconnaissance Orbiter" (MRO) orbital aparatları planlaşdırılan xidmət müddətini dəfələrlə aşaraq Yerdən təxminən 140 milyon mil uzaqlıqda işləməyə davam edir. "Odyssey" Marsa 24 oktyabr 2001-ci ildə çatıb, MRO isə 20 ildir fəaliyyətdədir.
Mütəxəssislərin sözlərinə görə, bu aparatlar Marsda suyun keçmişi və bu günü barədə təsəvvürləri dəyişib. Onlar həmçinin Yerlə birbaşa əlaqə qura bilməyən NASA roverlərinin siqnallarını ötürür.
Uzunömürlülük yeni problemlər yaradıb. MRO mövqeyini bortdakı ulduz xəritəsi ilə müəyyənləşdirir, lakin aparat o qədər köhnədir ki, bəzi ulduzlar səmada cüzi yerini dəyişib. Ötən il mühəndislər aparata yenilənmiş xəritə göndəriblər. "Odyssey" üçün əsas risk isə yanacağın tükənməsidir: aparatda yanacaq göstəricisi yoxdur, buna görə mühəndislər onu minimal yanacaq sərfi ilə idarə etmək üsulları hazırlayıblar.
Ekspertlər aparatların davamlılığını 1999-cu ildə "Mars Climate Orbiter" və "Mars Polar Lander" missiyalarının uğursuzluğundan sonra aparılan ciddi sınaqlar və əlavə ehtiyatla əlaqələndirir. MRO lazım olandan böyük batareya və daha çox yanacaqla buraxılıb və NASA onu daha 10 il istismar etməyi planlaşdırır.
Qeyd edək ki, ötən il NASA 11 illik "MAVEN" orbital aparatını itirib. Agentlik "Blue Origin" şirkətinə ən azı beş il işləyəcək rabitə peyki sifariş edib, lakin alimlər yeni Mars layihələrinin elmi imkanlarının məhdud olduğunu bildirirlər.
Mənbə: Wired