İlon Mask: "Neuralink"in "Blindsight" implantı korluğu aradan qaldırmağa hazırdır
Milyarder bildirib ki, cihaz mühəndislik baxımından hazırdır və yalnız tənzimləyici orqanların icazəsini gözləyir.
Tom's Hardware xəbər verir ki, İlon Mask "Neuralink" şirkətinin ikinci məhsulu olacaq "Blindsight" implantı haqqında yeni açıqlama verib. Onun sözlərinə görə, cihaz hətta tamamilə kor olan və ya heç vaxt görməmiş insanlara görmə imkanı verəcək.
Mask bildirib ki, "Blindsight" artıq "mühəndislik baxımından hazırdır" və hazırda yalnız tənzimləyici orqanların təsdiqini gözləyir. Lakin implantın nə vaxt istifadəyə veriləcəyi barədə dəqiq tarix açıqlanmayıb.
Bundan əvvəl Mask şirkətin ilk məhsulunu "X" platformasında "Telepathy" adı ilə təqdim edib. Onun sözlərinə görə, bu texnologiya yalnız düşünməklə kompüterlərlə və ya insanlarla yüksək sürətli ünsiyyət qurmağa imkan verir. Mask həmçinin iddia edib ki, bir neçə il ərzində çıxış sürəti insanın ən sürətli yazma sürətini xeyli üstələyəcək.
Qeyd edək ki, "Neuralink" 2016-cı ildə qurulub, lakin insanlar üzərində sınaqlara yalnız 2024-cü ildə başlayıb. İlk implant daşıyıcısı əvvəlcə yalnız düşünməklə kompüter kursorunu idarə edə bilib. Hazırda isə pasiyentlər beyin implantı vasitəsilə "World of Warcraft" oyununu oynaya bilirlər.
Mənbə: Tom's Hardware