Çin Aya pilotlu eniş planını açıqlayıb: hədəf 2030-cu ildən əvvəldir
Pekin astronavtları yaxın üç ildə Aya endirməyi planlaşdırır. ABŞ-ın Aya qayıdışı isə eniş aparatlarına görə gecikə bilər.
Ars Technica xəbər verir ki, Çin Aya pilotlu eniş planını açıq şəkildə elan edib. Ölkə astronavtlarını yaxın üç il ərzində, 2030-cu ildən əvvəl Ayın səthinə endirməyi hədəfləyir.
Çinin kosmik proqramındakı texniki irəliləyişlər barədə kənardan məlumat almaq çətin olsa da, ölkə bu istiqamətdə ciddi addımlar atıb. 2025-ci ilin avqustunda Çin Pilotlu Kosmik Agentliyi 26 tonluq "Lanyue" Ay eniş aparatının real ölçülü maketini Pekin yaxınlığında uğurla sınaqdan keçirib. Sınaqda Ayın cazibə qüvvəsi nəhəng iplər vasitəsilə imitasiya olunub. Bundan əlavə, 2027-ci il sınağı üçün nəzərdə tutulan "Mengzhou" kosmik gəmisi Haynandakı "Wenchang" kosmodromuna çatdırılıb və "Long March 10A" raketi ilə buraxılacaq.
ABŞ-da isə əsas sual eniş aparatı ilə bağlıdır. Bu layihələr üzrə "SpaceX" və "Blue Origin" şirkətlərinin milyardlarla dollarlıq müqavilələri var. Layihələrin gedişindən asılı olaraq amerikalı astronavtların Aya enişi 2030-cu ilə və ya daha sonraya qala bilər.
Son 12 ayda Konqres və Ağ Ev NASA rəhbəri Jared Isaacman-a "Artemis" proqramını sadələşdirmək üçün geniş səlahiyyət verib. O, "Lunar Gateway" stansiyasını və "Space Launch System" raketinin planlaşdırılan təkmilləşdirmələrini ləğv edib. Ötən həftə isə "Orion" gəmisini aşağı Ay orbitinə çıxarmaqla "Blue Origin"ə eniş aparatının hazırlanmasında kömək planını açıqlayıb.
Qeyd edək ki, NASA və Çin uzunmüddətli perspektivdə Ayın Cənub qütbündə daimi mövcudluq yaratmağa çalışır. Isaacman NASA-nın növbəti onillikdə Ayın səthində baza quracağını bəyan edib.
Mənbə: Ars Technica