The Verge xəbər verir ki, "Tesla" və "SpaceX" şirkətləri mümkün birləşməni müzakirə etmək üçün xüsusi komitələr yaradıb. Bu barədə hər iki şirkətin baş icraçı direktoru İlon Mask "SpaceX"-in üçüncü rüb maliyyə nəticələrinin müzakirəsi zamanı açıqlayıb.

Maskın sözlərinə görə, komitələr səhmdarların tələbi ilə yaradılıb və müstəqil direktorlardan ibarətdir, lakin onların adları açıqlanmayıb. Mask maraqlar toqquşması səbəbindən heç bir komitənin üzvü olmadığını və danışıqlarda iştirak etmədiyini bildirib.

Tərəflər hələlik sövdələşmənin şərtləri barədə razılığa gəlməyib. Mask qeyd edib ki, "Tesla" tərəfində bütün səhmlərin 50 faizinin dəstəyi tələb olunacaq və bu, olduqca yüksək həddir. Bununla belə, o, birləşməni "yaxşı ideya" adlandırıb və süni intellekt, çip dizaynı, robototexnika və orbitə yükdaşıma sahələrində əməkdaşlığın faydalı olacağını vurğulayıb.

Birləşmə nəticəsində dəyəri 3,6 trilyon dollardan çox olan nəhəng şirkət yarana bilər. Analitiklərin əksəriyyəti "SpaceX"-in "Tesla"nı səhm mübadiləsi yolu ilə udacağını ehtimal edir, çünki IPO-dan sonra "SpaceX"-in dəyəri daha yüksək olub. Bu halda nəzarət payı "SpaceX" səhmdarlarında qalacaq.

Qeyd edək ki, bu ayın əvvəlində "Barclays" müştərilərinə göndərdiyi qeyddə birləşmənin "Tesla"nın 3 dekabr 2026-cı il tarixinə planlaşdırılan illik səhmdarlar yığıncağından əvvəl elan oluna biləcəyini bildirib.