"Tesla" "Optimus" robotlarının istehsalına başlayıb: mənfəət 43 faiz azalıb

Şirkət Kaliforniyadakı zavodunda humanoid robotların ilk partiyasını buraxıb, lakin üçüncü rübdə xalis gəliri kəskin geriləyib.

TechCrunch

TechCrunch xəbər verir ki, "Tesla" Kaliforniyanın Fremont şəhərindəki zavodunda "Optimus" humanoid robotunun istehsalına başlayıb. İstehsal əvvəllər elektromobillərin yığıldığı sahədə qurulub.

Şirkət səhmdarlara ünvanladığı məktubda bu xəttdən çıxan robotların ilk kommersiya keyfiyyətli nümunələr olduğunu bildirib. "Tesla"nın baş icraçı direktoru İlon Mask bunu "erkən istehsal" adlandırıb və artımın yavaş gedəcəyini etiraf edib. Bununla belə, o, 2027-ci ilin sonuna qədər həftədə 20 min robot istehsal etməyin mümkün olacağını iddia edib.

Robot layihəsi şirkətin üçüncü rüb nəticələrini xilas etməyib. Süni intellekt, "Optimus" və avtonom idarəetməyə ayrılan xərclərin artması fonunda xalis mənfəət 43 faiz azalaraq 787 milyon dollar olub. Ümumi gəlir isə 28,04 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 28,09 milyard dollardan bir qədər azdır.

Şirkət rüb ərzində 486 532 avtomobil təhvil verib, elektromobil satışlarından gəlir 20 milyard dollar səviyyəsində qalıb. Günəş enerjisi və enerji saxlama biznesinin gəliri 16 faiz azalaraq 2,8 milyard dollara enib. Xidmətlər bölməsi isə 33 faiz artaraq 4,6 milyard dollar gəlir gətirib.

Qeyd edək ki, "Tesla" sürücü nəzarəti tələb etməyən "FSD" versiyasının buraxılışını yenidən təxirə salıb. Şirkətin süni intellekt üzrə vitse-prezidenti Aşok Elluswamy ilk müştəri avtomobillərinin robotaksi parkına təxminən gələn ilin ikinci rübündə qoşula biləcəyini bildirib. Halbuki Mask aprel ayında bu versiyanın "ehtimal ki" builin dördüncü rübündə çıxacağını demişdi.

Mənbə: TechCrunch