"Tesla" "Cybertruck"ın Avstraliya və Yeni Zelandiyaya buraxılışını ləğv edib

Şirkət ilkin sifarişləri ləğv edib, 150 dollarlıq depozitləri geri qaytaracağını və alternativ bonus təklif etdiyini açıqlayıb.

Mashable

Mashable xəbər verir ki, "Tesla" "Cybertruck" elektromobilini Avstraliya və Yeni Zelandiyada satışa çıxarmaq planından imtina edib. Şirkət bu barədə müştərilərinə cümə günü göndərdiyi elektron məktubda məlumat verib.

"Tesla" məktubda bildirib ki, diqqətli araşdırmadan sonra bu bazarlar üçün "Cybertruck" istehsalı planları dayandırılıb və buna görə də rezervasiyalar ləğv ediləcək. Model artıq şirkətin hər iki ölkə üzrə saytlarından da çıxarılıb. Hazırda orada yalnız "Model 3", "Model Y" və "Roadster" üçün ilkin sifariş təklif olunur.

İlkin sifariş üçün müştərilər 150 Avstraliya və ya Yeni Zelandiya dolları məbləğində depozit ödəyiblər. Şirkət bütün ödənişlərin geri qaytarılacağını açıqlayıb. Bundan əlavə, sifarişi ləğv olunan müştərilər əvəzində yeni "Model 3" və ya "Model Y" alarsa, "Full Self-Driving (Supervised)" sisteminə bir illik abunə əldə edəcəklər. Adına baxmayaraq, bu sistem avtomobili tam avtonom etmir və sürücünün daim nəzarətini tələb edən köməkçi funksiyadır.

Qeyd edək ki, "Cybertruck" ilk dəfə 2019-cu ildə təqdim olunub və həmin vaxtdan Avstraliya və Yeni Zelandiyada ilkin sifarişlər qəbul edilirdi. O zaman istehsalın 2021-ci ilin sonunda başlanacağı planlaşdırılırdı. Model dizaynına görə geniş tənqid olunub, artıq satışda olduğu ABŞ-da isə dəfələrlə geri çağırılıb.

Mənbə: Mashable