"Subaru" 2027-ci ilin sonunadək Avropada benzinli avtomobil satışını dayandıracaq

Yapon avtomobil istehsalçısı Avropa İttifaqının sərtləşən emissiya və təhlükəsizlik tələbləri səbəbindən yalnız elektromobillərə keçəcək.

Engadget

Engadget xəbər verir ki, "Subaru" ən gec 2027-ci ilin sonunadək Avropada benzin mühərrikli avtomobillərin satışını dayandıraraq tamamilə elektrik modellərinə keçəcək. Şirkət bu qərarı "Auto Motor und Sport" nəşrinə təsdiqləyib.

Avropada satışdan çıxarılacaq ilk benzinli model bu ilin sonunda "Outback" olacaq. 2027-ci ildə isə "Impreza", "Crosstrek" və "Forester" modelləri satışdan yığışdırılacaq. 2028-ci ildən etibarən şirkət Avropa İttifaqında yalnız üç elektromobil təklif edəcək: "Solterra", "E-Outback" və "Uncharted". Bu modellər "Toyota" ilə birgə, onun "bZ4X", "bZ4X Touring" və "C-HR+" elektromobilləri əsasında hazırlanıb.

"Subaru" qərarın səbəbi kimi Avropanın CO2 emissiyası limitləri və məcburi sürücüyə yardım sistemləri ilə bağlı sərt qaydalarını göstərib. Aİ-nin tələbinə görə, 2025-2034-cü illərdə istehsal olunan avtomobillərin orta emissiyası kilometrə 93,6 qram CO2 olmalıdır ki, bu da 2021-ci il göstəricisindən 15 faiz azdır. Bundan əlavə, 7 iyul 2026-cı ildən bütün minik avtomobilləri və furqonlarda sürücünün diqqətinin yayınması barədə xəbərdarlıq sistemi və təkmilləşdirilmiş təcili əyləc olmalıdır.

Şirkət həmçinin növbəti nəsil elektromobilləri üçün texnologiyaları "Toyota"dan ayrı, müstəqil şəkildə hazırlayacağını açıqlayıb. Yeni platformaya yeni batareya, elektrik mühərriki texnologiyası və havadan yeniləmələri dəstəkləyən inteqrasiya olunmuş idarəetmə bloku daxildir.

Qeyd edək ki, "Subaru" keçən il Avropada cəmi 23 min avtomobil satıb və bazarın 0,2 faizinə sahib olub. Buna baxmayaraq, "Outback" və "WRX" kimi "boxer" mühərrikli modellər yolsuzluq və tüninq həvəskarları arasında geniş pərəstişkar kütləsinə malikdir.

Mənbə: Engadget