"Ferrari"nin ilk elektromobili "Luce" 2027-ci il üçün tam satılıb
Tənqidlərə baxmayaraq, Ceni Ayvın dizayn etdiyi modelin gələn ilki istehsalının hamısına artıq alıcı tapılıb.
TechCrunch xəbər verir ki, "Ferrari"nin ilk elektromobili olan "Luce" modelinin 2027-ci il üçün planlaşdırılan bütün istehsalı artıq satılıb. Bunu şirkətin baş icraçı direktoru Benedetto Vinya üçüncü rübün maliyyə nəticələrinə həsr olunmuş görüşdə açıqlayıb.
"Apple"ın uzun illər dizayn rəhbəri olmuş Ceni Ayvın hazırladığı beş yerlik model may ayında təqdim edilərkən geniş tənqidə məruz qalmış, bu isə şirkətin səhm qiymətinin düşməsinə səbəb olmuşdu. Qiyməti təxminən 615 min dollardan başlayan "Luce"nin ilk təhvilləri dördüncü rübdə gözlənilir. Vinyanın sözlərinə görə, yeni sifariş verən alıcı avtomobili almaq üçün bir il gözləməli olacaq.
Şirkət nə qədər "Luce" istehsal edəcəyini açıqlamayıb. Vinya alıcıların konkret profilinin olmadığını, həm müştəri, həm də coğrafiya baxımından müxtəlif olduqlarını bildirib.
"Ferrari" üçüncü rübdə 1,9 milyard avro gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. Xalis mənfəət 13% artaraq 431 milyon avroya çatıb, əməliyyat marjası isə 29,7% olub. Fərdiləşdirmə xidmətləri avtomobil və ehtiyat hissələrindən gələn gəlirin 21%-dən çoxunu təşkil edib. Nəticədə şirkət illik düzəlişli mənfəət proqnozunu 2,97 milyard avrodan ən azı 3 milyard avroya qaldırıb.
Qeyd edək ki, "Financial Times" mənbələrə istinadən "Ferrari"nin bu il 500-ə yaxın "Luce" satmağı, 2030-cu ilə qədər isə ümumilikdə 2500 ədəd, yəni ildə təxminən 600 avtomobil satmağı planlaşdırdığını yazmışdı.
Mənbə: TechCrunch