"Cadillac Escalade IQ" sınaqdan keçirilib: 4 tonluq elektromobil 740 km yol gedir
200 kVt/saatdan böyük batareyaya malik lüks yolsuzluq avtomobili güclü mühərrikləri və 55 düymlük ekranı ilə diqqət çəkir.
Ars Technica xəbər verir ki, nəşrin avtomobil redaktoru Jonathan Gitlin "Cadillac"ın tam elektrikli "Escalade IQ" modelini bir həftə ərzində sınaqdan keçirib. Üç sıra oturacaqlı lüks avtomobil 200 kVt/saatdan böyük litium-ion batareya ilə təchiz olunub və şirkətin açıqlamasına görə, bir dəfə enerji yığmaqla 460 mil (740 km) yol qət edə bilir.
Avtomobilin çəkisi 4103 kq təşkil edir ki, bu da onu ABŞ-da 3-cü sinif yük maşınları kateqoriyasına daxil edir. Elektrikli "Escalade" benzinlə işləyən versiyadan təxminən üçdə bir ağırdır. Buna baxmayaraq, pnevmatik asqı və arxa təkərlərin dönmə sistemi idarəetməni xeyli asanlaşdırıb.
İki elektrik mühərrikinin standart gücü 680 at gücü, "Velocity Max" rejimində isə 750 at gücüdür. Avtomobil 0-dan 97 km/saata 5 saniyədən az müddətdə sürətlənir. Sınaq zamanı orta enerji sərfiyyatı 100 km-ə 29,6 kVt/saat olub, şirkət isə sürətli doldurma ilə 10 dəqiqədə 100 mil yol əlavə etməyin mümkün olduğunu bildirib.
Salonda bütün paneli əhatə edən 55 düymlük ekran, "Android Automotive" əməliyyat sistemi, ön sərnişin və ikinci sıra üçün ayrıca ekranlar quraşdırılıb. Sürücüyə köməkçi "Super Cruise" sistemi standart olaraq təqdim edilir. Sınaqdan keçirilən "Escalade IQ Premium Sport" versiyasının qiyməti 153 490 dollardır.
Qeyd edək ki, "Escalade IQ" batareyanı və bir çox komponenti "General Motors"un "Chevrolet Silverado EV", "GMC Sierra EV" və "Hummer EV" modelləri ilə bölüşür. "Cadillac"ın flaqman elektromobili isə əl ilə yığılan və qiyməti 300 000 dollar olan "Celestiq" sedanıdır.
Mənbə: Ars Technica