BMW yeni nəsil "X5" və elektrikli "iX5" modellərini təqdim edib
Elektrikli versiya 144 kVt·saatlıq batareya ilə təxminən 724 kilometr yürüş vəd edir və 460 kVt-a qədər sürətli şarjı dəstəkləyir.
Ars Technica xəbər verir ki, "BMW" 2027 model ili üçün yeni nəsil "X5" krossoverini həm benzin mühərrikli, həm də tam elektrikli "iX5" versiyasında təqdim edib. Şirkət müxtəlif güc qurğularını dəstəkləyən "CLAR" platformasını saxlayıb, gələcəkdə plug-in hibrid və hidrogen yanacaq elementli variantların da çıxarılması planlaşdırılır.
Benzinli "X5 40 xDrive" 3,0 litrlik turbomühərrik və 48 voltluq yüngül hibrid sistemlə 394 at gücü hasil edir. Elektrikli "iX5 60 xDrive" isə iki mühərriklə ümumilikdə 570 at gücünə malikdir. Onun 144 kVt·saatlıq batareyası yeni 120 mm-lik silindrik elementlərdən ibarətdir və EPA dövrü üzrə 450 mil, yəni təxminən 724 kilometr yürüş təmin etməlidir.
800 voltluq arxitektura sayəsində batareyanı 460 kVt gücündə stansiyada 10 faizdən 80 faizə qədər 22 dəqiqəyə şarj etmək mümkündür. Sınaq zamanı avtomobil doqquz dəqiqədən bir qədər çox müddətdə 10 faizdən 50 faizə qədər şarj olunub, pik güc 465 kVt-a çatıb. Model iki istiqamətli şarjı da dəstəkləyir.
Salonda "iX3" modelindən gələn və ön şüşənin aşağı hissəsində yerləşən "Panoramic Vision" displeyi, yenilənmiş səsli köməkçi və ayrıca sərnişin ekranı yer alıb. "iX5" qırmızı işıqları və "stop" nişanlarını tanıyaraq lazım gəldikdə avtomobili avtomatik əyləc etmə funksiyasına da malikdir.
Qeyd edək ki, "X5 40 xDrive" artıq satışdadır və qiyməti 72 100 dollardan başlayır, buna 1 450 dollar çatdırılma haqqı əlavə olunur. "iX5 60 xDrive" isə 79 800 dollardan başlayan qiymətlə 2027-ci ilin birinci rübündə bazara çıxacaq.
Mənbə: Ars Technica